İQTİSADİYYAT
İkinci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün lektoriya keçiriləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçiriləcək 2-ci Azərbaycan Milli Şəhər Forumunda (NUFA) şəhərsalma sahəsində təhsili dəstəkləmək və şəhər inkişafında gələcək liderləri ruhlandırmaq üçün hazırlanmış eksklüziv mühazirələr silsiləsi təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
İki günlük mühazirələrdə müxtəlif ölkələrin şəhərsalma siyasətinin və şəhərlərin gələcək planlaşdırılmasında yeni yolların müzakirə edilməsi üçün iştirakçılara unikal imkan yaradılacaq. Tədbirə dəvət edilmiş beynəlxalq universitetlərdən seçilmiş mütəxəssislər prof. Le-Yin Zhang, (London Universitet Kolleci), prof. Ricardo Garcia Mira, (A Coruna Universiteti), prof. Jerzy Grochulski, (Varşava Texnologiya Universiteti) və prof. Olgu Çalışkan, (Orta Doğu Texniki Universiteti) şəhərin inkişafı və şəhərlərin idarəsi, layihələndirmə, davamlılıq, ekoloji psixologiya, iqlim dəyişikliyi ilə sənayeləşmə arasındakı əlaqə və digər mühüm mövzularda öz təcrübə və araşdırmaları, habelə dəyərli fikirləri ilə bölüşəcəklər.
Sentyabrın 30-dan oktyabrın 1-dək keçiriləcək tədbirin xüsusi mühazirə hissəsi bütün tələbələr, peşəkarlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır. Lektoriya qabaqcıl mütəxəssislərin şəhər problemləri və həll yolları haqqında təcrübə və fikirlərini öyrənmək üçün əlverişli platforma rolunu oynayacaq.
Qeydiyyatı təsdiq etmək üçün bu linkə keçərək formanı doldurmaq olar bit.ly/3PD0MlAQ