İkinci Dünya müharibəsi illərində Mühacir Azərbaycan Komitəsinin fəaliyyəti ilə bağlı tədqiqatlar davam edir
Bakı, 8 may, AZƏRTAC
İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakı mövzusunda AMEA Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının silsilə yazıları davam edir. AZƏRTAC muzeyin elmi işçisi Şəfa Mövsümovun mühacir Azərbaycan Komitəsi və legionlarının Azərbaycan tarixşünaslığında tədqiqinə dair qeydlərini təqdim edir.
1941-1945-ci illərdə Berlində yaradılan Mühacir Azərbaycan Komitəsi və azərbaycanlı legionların müharibədə iştirakı sovet dövründə tədqiq edilməyən mövzulardandır. Hitler ordusu tərəfindən SSRİ-yə qarşı vuruşmuş azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti də tədqiqat sahəsindən kənarda qalıb. Hitlerin SSRİ-ni işğal edəcəyi halda Azərbaycana verəcəyi müstəqillik vədinə inanan Mühacir Azərbaycan Komitəsinin və azərbaycanlı legionerlərin fəaliyyəti müstəqillikdən sonra daha geniş araşdırılmağa başlanılıb. Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda çalışan, Cümhuriyyət qurucularından biri olan M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti Azərbaycan sovet tarixşünaslığında birtərəfli qaydada araşdırılıb. M.Ə.Rəsulzadənin Hitlerlə görüşərək azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanması, onların yəhudilərlə birlikdə soyqırımına məruz qalmasından xilas edilməsi, müharibədən sonra azərbaycanlı legion üzvlərinin taleyinə biganə qalmayaraq onlara dəstək olması və Azərbaycan həqiqətlərini dünyaya çatdırması kimi faktlara müasir tarixşünaslığımızda daha çox rast gəlinir. Sovet ordusunun zabiti olmuş Əbdürrəhman bəy Fətəlibəylinin (Düdənginski) hitlerçilərlə əməkdaşlıq etməsi və Mühacir Azərbaycan Komitəsi yaradaraq Azərbaycanın istiqlaliyyəti üçün mübarizəsi haqqında fikirlərə də müasir tarixşünaslığımızda rast gəlinir. Qeyd olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə.Fətəlibəyli azərbaycanlı hərbi əsirlərdən ibarət dəstələr yaradılması üçün 1941-ci ilin avqustunda Hitlerə müraciət edib. Həmin ilin payızında M.Ə.Rəsulzadə Almaniyanın Şərq Nazirliyi tərəfindən Berlinə dəvət edilib. Bununla bağlı aparılan danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunub.
1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş “Siyasi tarix” əsərində vurğulanır ki, Hitlerin əmri ilə müsəlmanlardan təşkil olunmuş hərbi hissə Azərbaycan və Şimali Qafqaz regionlarına bölünmüşdü. M.Ə.Rəsulzadə müharibə illərində hərbi əsirlər arasında azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların əsir düşərgəsindən xilası və milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi.
Mühacir Azərbaycan hökuməti və milli legionlarımızın fəaliyyətinə tarix elmləri doktoru Tahir Qafarovun 1993-cü ildə çap olunmuş məqaləsində daha geniş toxunulub. Müəllif yuxarıdakı əsərdən fərqli olaraq göstərir ki, hərbi əsirlər sırasında azərbaycanlılar da öldürülürdü. Müsəlman əsirlərlə işi səmərəli qurmaq üçün Qüds müftisi Hacı Əmin Əl-Hüseyni Almaniyaya dəvət olunmuş, hətta I tank ordusunun komandanı general fon Makizen məsciddə namaz da qılıb. Məqalədə göstərilir ki, Geniqsberqin “Telzit” hərbi düşərgəsindən Azərbaycan türklərini və müsəlman azərbaycanlıları seçib “Şelzi” hərbi düşərgəsinə aparıblar.
İkinci Dünya müharibəsi illərində Almaniyanın Şərq Nazirliyi ilə görüşən Qüds müftisi (M.Ə.Rəsulzadənin təşkilatçılığı ilə-Ş.M.) əsirlikdə olan on minlərlə azərbaycanlıları soyqırımdan xilas edir. Buna qədər almanlar 1500 azərbaycanlını yəhudi bilib məhv etmişdilər.
Tarixçi Nəsiman Yaqublu “M.Ə.Rəsulzadə. Azərbaycan davası” əsərində Milli Azərbaycan Komitəsinin və Azərbaycan legionunun yaranmasında F.Düdənginskinin fəaliyyəti haqqında ümumi məlumat verilib. Əsərdə M.Ə.Rəsulzadənin Ə.Fətəlibəyli-Düdənginskinin qətli ilə bağlı etdiyi çıxış verilib, onun və legionların fəaliyyəti haqqında ümumi məlumat yer alıb. “Əbdürrəhman Fətəlibəyli-Düdənginski” əsərinin ikinci fəsli Azərbaycan legionunun təşkilində Ə. Fətəlibəylinin fəaliyyətinə və legionlara həsr olunub. 2011-ci ildə Moskvada nəşr olunmuş “İkinci Dünya Müharibəsi 1939-1945. Vermaxtın kazak hissələri və Şərq legionları” adlı hərbi-tarixi əsərdə Hitler ordusundakı legionlardan ümumi məlumat verilibdir. Burada Azərbaycan legionları haqqında yazan müəlliflər onların 806, 807, 817 və 818-ci taborlarda döyüşdüklərini bildirir və hərbi nişanlarını göstərirlər.