REGİONLAR
İlin əvvəlindən bəri Ağdam rayonunda süni mayalanma yolu ilə 1529 baş buzov alınıb
Ağdam, 18 avqust, AZƏRTAC
Ağdam rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2020-ci ildə uğurla davam etdirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Şahlar Orucov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.
2020-ci ilin yeddi ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2621 baş inək və düyə süni yolla mayalandırılıb, 1529 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis” cinsindən olan buğaların toxumları istifadə edilir.