İlin sonunadək Oğuzda 10 subartezian quyusu istismara veriləcək
Oğuz, 25 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 13 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il Oğuz rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Sərəncamın icrası çərçivəsində rayonun Kərimli, Padar, Xaçmazqışlaq, Muxas və Baş Daşağıl kəndlərində, ümumilikdə, 6 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb. Bu günlərdə Yaqublu kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda rayonun Şirvanlı, Xalxalqışlaq və Bucaq kəndlərində də yeni quyuların qazılmasına başlanılacaq. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Hazırda yeni qazılan quyuların elektrik enerjisi təchizatı ilə bağlı işlər görülür.
Yeni quyuların istismara verilməsi nəticəsində 12 min nəfərdən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Qeyd edək ki, 2020-ci ildə ölkə ərazisində 400-dən çox subartezian quyusunun istismara verilməsi nəzərdə tutulur. İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə bildirilib ki, indiyədək 200-ə yaxın quyuda işlər tamamlanıb və quyuların elektrik enerjisinə qoşulması məsələsi qalıb.