İlin sonuncu “Tullantıları tingə dəyiş” aksiyası keçirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Cari ildə vətəndaşların böyük marağına səbəb olan “Tullantıları tingə dəyiş” tingpaylama aksiyası növbəti dəfə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Araz" supermarketin qarşısında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 163 litr olan plastik, 102 litr şüşə və 25 ədəd işlənmiş batareya təhvil verilib, əvəzində isə ağac tingləri paylanılıb. Eyni zamanda, uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub.
Nazirlik il ərzində aksiyalarda fəal iştirak edərək yaşıllıqların sayının artırılmasına, tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olan hər kəsə təşəkkür edir.
Aksiyalar növbəti ildə davam edəcək.