İlk Avropa Oyunlarının portuqaliyalı qalibi Bakıda cüdo üzrə dünya çempionatında çıxış edəcək
Bakı, 18 may, AZƏRTAC
Portuqaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. Bakı mundialında 10 cüdoçu ilə təmsil olunacaq Portuqaliya yığmasında titullu idmançılar yer alıblar. Onlardan biri də 57 kiloqram çəki dərəcəsində çıxış edən Telma Monteyradır.
AZƏRTAC xəbər verir ki, 1985-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda anadan olan Telma dördqat Avropa çempionudur. Xanım cüdoçu 2006-cı ildə Tamperedə, bir il sonra Belqradda, 2009-cu ildə Tbilisidə və 2012-ci ildə Çelyabinskdə təşkil olunan Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Telma 2004-cü ildə Qahirədə keçirilən dünya çempionatında bürünc, dörd dəfə isə gümüş medala layiq görülüb.
Ardıcıl dörd dəfə Olimpiya Oyunlarına qatılan portuqaliyalı cüdoçu “Afina-2004” və “Pekin-2008”də dörddəbir final mərhələsinədək irəliləyib. “London-2012”də isə ilk görüşdə məğlub olan Telma “Rio-2016” Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub. İdmançı “London-2012”də Portuqaliya millisinin bayraqdarı olub.
İdmançı 2015-ci ildə tarixdə ilk dəfə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında da uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, bütün rəqiblərinə qalib gələn Telma “Bakı-2015”in qızıl medalını qazanıb.
Avropa çempionatlarında 11 dəfə mükafatçılar sırasında yer alan portuqaliyalı cüdoçu sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək dünya çempionatında iddialı idmançılardandır.