İLQAR FƏHMİ “DEBÜTLƏRİN BİRLİYİ” BEYNƏLXALQ MÜKAFATININ XÜSUSİ DİPLOMUNA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan şairi İlqar Fəhmi 2008-ci il üçün “Debütlərin birliyi” Beynəlxalq mükafatının “Poetik ifadənin sanbalına görə” xüsusi diplomuna layiq görülmüşdür.
Beynəlxalq mükafatın qalibləri Moskvada münsiflər heyətinin və təşkilat komitəsinin iştirakı ilə keçirilmiş mətbuat konfransında elan edilmişdir. Münsiflər heyətinin üzvü Tatyana Voskovskaya bildirmişdir ki, MDB-nin bütün ölkələrindən 35 yaşınadək şairlərin əsərlərinin sərt seçimi nəticəsində birinci yerə Rusiya nümayəndəsi A.Mitçenko, ikinci yerə Gürcüstan təmsilçisi N.Corconeli, üçüncü yerə isə ukraynalı D.Lazutkin layiq görülmüşlər. “Debütlərin birliyi” mükafatı namizədlərinin “qısa siyahı”sına MDB-nin 10 ölkəsindən 19 şairin, “uzun siyahı”sına isə ən yaxşı 32 şairin adı salınmışdır. Builki müsabiqədə iştirak üçün MDB ölkələrindən rus, eləcə də milli dillərdə yazan 100-dən yuxarı müəllif qeydiyyatdan keçmişdir. Müsabiqənin 7 ən yaxşı iştirakçısı, o cümlədən münsiflər heyətini öz poetik üslubu ilə heyran qoymuş həmvətənimiz İlqar Fəhmi müxtəlif nominasiyalarda xüsusi diplomlara layiq görülmüşlər. Müsabiqənin laureatlarına pul mükafatları, xüsusi diplomlar və döş nişanları təqdim olunacaqdır. Mükafatlandırma mərasimi sentyabrın 18-də Düşənbədə MDB dövlətlərinin Yaradıcı və elmi ziyalılarının üçüncü Forumu çərçivəsində keçiriləcəkdir. Bundan əlavə, adları “uzun siyahıya” salınmış 32 iştirakçının bütün əsərləri “Debütlərin birliyi-2008” adlı topluda nəşr lunacaqdır.
“Debütlərin birliyi” mükafatı MDB-nin Humanitar Əməkdaşlıq Şurası və MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlığı Fondu tərəfindən 2008-ci ilin aprelində təsis edilmişdir. Müsabiqə MDB məkanında yaradıcı gəncləri dəstəkləmək, mədəniyyət, incəsənət, elm və təhsil sahələrində ünsiyyət və əməkdaşlığı inkişaf etdirmək, yaradıcılığa yenicə başlayan müəlliflərin, gənc alimlərin peşəkarlığının artmasına, onların əsərlərinin, elmi kəşflərinin və digər nailiyyətlərinin Birliyin və bütün dünyanın peşə birliklərində irəlilədilməsinə kömək göstərmək məqsədi daşıyır. Müsabiqənin münsiflər heyətinin sədri tanınmış incəsənət xadimi, professor, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.