İmişlidə sakinlərin yol problemi həll olunur
İmişli, 17 iyun, AZƏRTAC
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi, Məzrəli və Xubyarlı kəndlərində daxili yollar xeyli müddətdir ki, yararsız vəziyyətdədir. Uzun zamandır tədbir görülmədiyindən yollarda sakinlərin gediş-gəlişi üçün müəyyən çətinliklər yaranırdı və bu, əhalinin haqlı narazılığına səbəb olurdu. İmişli Rayon İcra Hakimiyyəti sakinlərin müraciətlərini nəzərə alaraq, həmin yolları təmir edib.
AZƏRTAC-ın bölgə müxbiri xəvər verir ki, Bəhrəmtəpə qəsəbəsində 1750 metr, Məzrəli kəndində 1150 metr və Xubyarlı kəndində 1132 metr yol əsaslı təmir olunaraq, asfalt örtüyü yenilənib. İmişli sakinlərinin yol kabusuna son qoyacaq bu işlər mərhələ-mərhələ bütün daxili yollarda davam etdiriləcək.
İmişlidə ümumi uzunluğu 4032 metr olan bu yollar təxminən 10 min nəfərə xidmət edir.
Qeyd edək ki, hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur.