İNANIRAM Kİ, II QURULTAY AZƏRBAYCAN DİASPORUNUN FƏALİYYƏTİNİ DAHA DA GÜCLƏNDİRƏCƏKDİR
- Qurultayda Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Litva Prezidentinin müşaviri, Litva Dövlət departamentinin sədr müavini, deputatlar da iştirak edəcəklər. Bu, qurultayın əhəmiyyətinə verilən yüksək qiymətin, Azərbaycanla əlaqələrin inkişafına diqqətin göstəricisidir.
Litvada fəaliyyət göstərən diasporumuz təqribən 2 min nəfər həmvətənimizi birləşdirir. Əsas məqsədimiz Azərbaycan mədəniyyətini, musiqisini, mətbəxini təbliğ etmək, ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına kömək göstərmək, xalqımızı tanıtmaq, adət-ənənələrimizi yaşatmaqdır. Həmvətənlərimiz Litvada əsasən bizneslə məşğul olurlar. Mənim və oğlanlarımın adına 3 zavod, 15 mağaza vardır. Şirkətlərimizdə 1000 nəfərə yaxın işçi çalışır. Onların təqribən 800 nəfəri azərbaycanlıdır. Hazırda böyük bir layihə əsasında binaların tikintisi ilə məşğul oluruq.
Sevinirəm ki, beynəlxalq aləmə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin başladığı siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bir iqtisadçı kimi deyə bilərəm ki, ölkə iqtisadiyyatı yaxın bir neçə ildə də belə inkişaf etsə, Azərbaycan artıq dünya birliyində özünə layiq səviyyəyə çatacaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri tez-tez Litvada, o cümlədən digər Avropa ölkələrində olur, diasporla işi əlaqələndirməyə, birləşdirməyə, möhkəmlətməyə çalışırlar. Bu, öz müsbət nəticəsini verir. Artıq diasporumuz 2-3 il əvvəlki diaspor deyil, xeyli inkişaf vardır.
Ümid edirəm ki, 2-ci qurultay bu sahədə işin xeyli canlanmasına təkan verəcək, həm komitənin, həm də diasporumuzun fəallığı daha da artacaqdır.