İndoneziya mətbuatında 28 May – Respublika Günü ilə bağlı məqalələr dərc olunub
Cakarta, 25 may, AZƏRTAC
İndoneziyanın müxtəlif xəbər saytlarında 28 May - Respublika Günü münasibətilə çoxsaylı məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Mina News Xəbər Agentliyi, “Telesur”, “Warnaplus”, “Citayabbersatu”, “Gpriority”, “Harian Terbit”, “Jitu News” “Netral News” “Akurat” “Warta Pena News” və “Moeslim Choice” kimi xəbər saytları Azərbaycanın milli bayramı ilə bağlı müxtəlif materiallar yayıblar.
Məqalələrdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinə, xüsusilə uğurlu dövlət quruculuğuna, dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına, ABŞ və bəzi Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsinə dair ətraflı məlumatlar yer alıb. Həmçinin Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi tariximizə qızıl hərflərlə yazılan AXC-nin qurucularının bu istiqamətdə müstəsna rolundan bəhs edilib. Təxminən 71 il Sovet İttifaqının tərkibində qalmış Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra hər il bütün dünya azərbaycanlıları tərəfindən 28 May tarixinin Respublika Günü kimi qeyd olunduğu bildirilib.
Habelə ümummilli lider Heydər Əliyevin müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq və möhkəmləndirmək məqsədilə nəhəng işlər gördüyü qeyd olunub.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, suveren və demokratik ölkə olaraq, uğurlu və səmərəli idarəetmə sayəsində yüksək sosial-iqtisadi vəziyyəti və insan kapitalının inkişafı, eləcə də beynəlxalq müstəvidə artan rolu və nüfuzu ilə Xalq Cümhuriyyətinin arzularını və ideyalarını həyata keçirdiyi vurğulanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta