İndoneziyada qəzaya uğramış təyyarə ilə bağlı axtarış işlərinin müddəti uzadılıb
Tokio, 15 yanvar, AZƏRTAC
İndoneziyada Yava dənizinə düşmüş “Boeing 737-500” sərnişin təyyarəsinin qurbanlarının axtarışları yanvarın 18-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış-Xilasetmə Agentliyi məlumat yayıb.
“Qərara alınıb ki, “Sriwijaya Air” şirkətinə məxsus təyyarənin hissələrinin və qurbanların axtarışı daha üç gün uzadılsın”, - deyə İndoneziyanın nəqliyyat naziri Budu Karya Sumadi bildirib.
Sualtı axınlar təyyarənin parçalarını sahilə yaxın ərazilərə gətirdiyinə görə, axtarış işləri hazırda bu ərazilərdə davam etdirilir. Bildirilir ki, axtarış əməliyyatlarına exolokatorlu gəmilərin cəlb olunması təyyarənin səsyazma avadanlığının və böyük hissələrinin tapılmasına kömək edəcək.
Bildirilir ki, İndoneziya Milli Axtarış-Xilasetmə Agentliyi bazar ertəsi günü axtarışın nəticələrini qiymətləndirdikdən sonra əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edəcək.
Dalğıcların yanvarın 12-də dənizdən çıxardığı birinci “qara qutu”dakı məlumatların bu ərəfədə mütəxəssislər tərəfindən tamamilə götürülməsi barədə rəsmi xəbərlər yayılıb.
Xatırladaq ki, İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” təyyarəsi yanvarın 9-da Cakarta yaxınlığında Yava dənizinə düşüb. Onun göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Rəsmi mənbələrin bildirdiyinə görə, təyyarənin göyərtəsində yalnız İndoneziya vətəndaşları olub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio