İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINDA HEYDƏR ƏLİYEV SİYASƏTİNİN ROLU
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Baki Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 85-cü ildönümü geniş qeyd olunmuşdur.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Milli Məclisin deputatı Siyavuş Novruzov, BTRİB-in baş direktoru Beytulla Hüseynov və digər natiqlər parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, ümummilli lider informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətini daim yüksək qiymətləndirmiş, bu sahədə inkişafa nail olmaq üçün ardıcıl səylər göstərmişdir. Azərbaycanda mobil rabitənin bugünkü yüksək inkişaf səviyyəsi də məhz Heydər ƏIiyevin səylərinin bəhrəsidir. 1994-cü ildə “Bakcell”, 1996-cı ildə “Azercell” birgə müəssisələrinin yaradılması Azərbaycanda mobil rabitənin inkişafının əsasını qoymuşdur. Ölkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkili istiqamətində lazım olan bütün tədbirləri görmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün məqsədyönlü addımlar atılır.
Tədbirdə birliyin bir sıra əməkdaşına Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsi verilmişdir.