ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda plagiatlıqla mübarizə üsulları müzakirə olunub
Bakı, 28 fevral, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında müəssisənin böyük elmi işçisi Rəhilə Həsənova “Plagiatlığın aşkarlanması və onunla mübarizə üsulları” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi plagiatlığın birbaşa köçürmək, minimalist (mənbə materialından bir neçə söz və ya frazanın dəyişdirilməsi, lakin əsas məzmun və strukturun eyni saxlanılması), birləşdirmək və digər üsullarla həyata keçirildiyini qeyd edib. O, internetdə onlayn təqdim olunan “Advego Plagiatus”, “Plagiarism Checker”, “antiplagiarism.NET” və s. antiplagiat sistemlərindən söz açıb, plagiatlıqla mübarizə yollarını diqqətə çatdırıb.
R.Həsənova institutda antiplagiat xidmətinin yaradılması istiqamətində işlərin görüldüyünü qeyd edərək əməkdaşlar tərəfindən təqdim olunmuş məqalələrin yoxlanılması prosesi barədə məlumat verib, bu prosesin sənədlərin qəbulu, mətnin antiplagiat proqramında yoxlanılması və nəticələrin təqdim edilməsi mərhələlərindən ibarət olduğunu söyləyib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev antiplagiat sahəsində elmi tədqiqatların aparıldığını bildirib, onların daha da dərinləşdirilməsini və dissertasiya işlərinin hazırlanmasını tövsiyə edib.
Akademik antiplagiatlıq sahəsində institutda peşəkar xidmətin istifadəyə verilməsi istiqamətində işlərin görüldüyünü qeyd edərək qurumda antiplagiat sisteminin yaradılması və tətbiqinin plagiatlıqla mübarizə baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri - texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktorları - dosent Firudin Ağayev, dosent Şəfəqət Mahmudova və dosent Ramiz Şıxəliyev təklif və tövsiyələrini səsləndiriblər.