“İnklüziv siniflərdə təlim strategiyaları” mövzusunda seminar iştirakçılarına sertifikat verilib
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “İnklüziv siniflərdə təlim strategiyaları” mövzusunda beşgünlük seminar başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov təlimin əhəmiyyəti, onun təşkilini şərtləndirən amillər haqqında ətraflı danışıb.
Bildirilib ki, təlim Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına dəstək vermək məqsədilə inklüziv siniflərdə təlim strategiyaları ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçün təşkil olunub.
Vurğulanıb ki, ADPU-da son illər beynəlxalq və yerli qurumlarla ikitərəfli və çoxtərəfli birgə layihələr icra olunub və bəziləri davam edir. Təlimin keçirildiyi məkan da inklüziv təhsillə bağlı reallaşdırılan layihə çərçivəsində ərsəyə gəlib. “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili qaydaları” çərçivəsində, inklüziv təhsillə bağlı ödənişli əsaslarla keçirilmiş bu təlim ilk dəfə təşkil olunur və gələcəkdə davam edəcək.
Sonra davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri Rəşad Sadıqov inklüziv təhsil sahəsində bilik və bacarıqlarını artırmaq istəyənlərin sayının çox olduğunu nəzərə alaraq qısa müddətdən sonra daha bir qrup üçün təlimin keçirilməsinə zərurət yarandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, sözügedən təlim sinfin idarə edilməsində yeni yanaşmalar, təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması, bədən dili, inklüziv siniflərdə müxtəlif təlim üsulları, dərs planlaşdırılmasına verilən tələblər, diferensiallaşdırma, qiymətləndirmə metodları kimi istiqamətləri əhatə edib.
Tədbirdə iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib. Sonda təlimdə iştirak etmiş 24 nəfərə sertifikatlar təqdim edilib.