İnnovasiya təsərrüfatında pambığın damlama və pivot sistemləri ilə suvarılması tətbiq edilib
Yevlax, 24 iyul, AZƏRTAC
Planetimizdə baş verən iqlim dəyişikliyi, havanın orta temperaturunun yüksəlməsi, respublikamızın ərazisində əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların azalması ölkədə su çatışmazlığına səbəb olub. Bu isə su ehtiyatlarından səmərəli istifadə edilməsini, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsini, kənd təsərrüfatı bitkilərinin suvarılmasında müasir metodlardan istifadəni zəruri edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax rayonundakı innovasiya təsərrüfatında pambığın damlama və pivot sistemləri ilə suvarılması təmin edilib. Pambığın suvarılması üçün 8 hektarda damlama, 587 hektarda isə pivot sistemi qurulub. Əkinlərin pivot və damlama sistemləri ilə suvarılması suvarma suyuna qənaət etməklə su itkisini azaldır, torpağın şoranlaşmasının qarşısını alır, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradır.
Ümumi sahəsi 1467 hektar olan təsərrüfatda innovativ suvarmanın tətbiq edilməsi artıq uğurlu nəticəsini göstərib. Belə ki, pivot sistemi ilə suvarılan 452 hektar taxıl sahəsində yüksək məhsuldarlığa nail olunub. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 65 sentner, arpa sahələrində isə 70 sentner təşkil edib. Yüksək məhsuldarlığa pivot suvarma ilə yanaşı, keyfiyyətli toxumdan, müasir texnika və aqreqatlardan istifadə, innovativ becərmə texnologiyalarının tətbiqi də mühüm rol oynayıb.
İnnovasiya təsərrüfatında yaradılmış 20 hektar nümayiş sahəsində pambığın 20 sortunun müqayisəli becərilməsi də həyata keçirilir. Məqsəd quraqlığa və xəstəliklərə davamlı, yerli iqlim şəraitinə uyğunlaşan məhsuldar pambıq sortlarını müəyyən etməkdir.