CƏMİYYƏT
“İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər” mövzusunda tədbir keçirilib


Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova tədbirin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, müasir dünyada aktual xarakter daşıyan insan alveri problemi müzakirə olunmalı və beynəlxalq təcrübə öyrənilməlidir.
DİN nümayəndəsi İbrahim Əhmədov nəzərə çatdırıb ki, bu problemə qarşı mübarizədə ictimaiyyət və qeyri-hökumət təşkilatları aparıcı rol oynamalıdırlar. QHT-lər daxili işlər orqanlarını məlumatlarla təmin etməlidirlər. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməyə məcbur etmə, uğursuz ailələrdən olan uşaqların qanunsuz əməllərə cəlb edilməsi kimi hallarla mübarizə aparır.
“Son dövrlər uşaqların dilənçiliyə cəlb edilməsi məsələsi müşahidə olunur ki, buna qarşı da tədbirlər həyata keçirilir. Azyaşlıların, xüsusilə də xanımların xarici ölkələrə aparılaraq istismara məruz qalmalarına qarşı hallar müəyyən edilərək qarşısı alınır. Bu gün xarici ölkələrə getmək asanlaşıb elektron təyyarə bileti alıb, xaricə gedənlərin məqsədləri çox vaxt aydın olmur. Onlar insan alverçiləri tərəfindən aldadılaraq xaricə aparılır və istismara məruz qoyulurlar”, - DİN nümayəndəsi qeyd edib.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov çıxışı zamanı diqqətə çatdırıb ki, müxtəlif növ insan alverinə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri iştirak etməlidirlər: “Bu problem milli dəyərlərə zidd olmaqla yanaşı cəmiyyətdə qanunsuz əməllərə yol açır. QHT-lər dövlət strukturları ilə birlikdə fəaliyyət göstərməli və maarifləndirməni gücləndirməlidirlər. İnsan alverinə qarşı mübarizədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Sosial platformalarda videoçarxlar, mətnlər yerləşdirib insanları ucuz təbliğata uymamağa inandırmaq lazımdır”.
Tədbirdə ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri, ziyalılar və hüquq-mühafızə orqanlarının əməkdaşları iştirak ediblər.