İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTLƏRİN SAYINA GÖRƏ RF LİDERLİK EDİR
AZƏRTAC xəbər verir ki, insan hüquqları üzrə Avropa məhkəməsinə şikayətlərin sayına görə Rusiya birinci yeri tutur. Bunu insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında RF-nin iştirakının onilliyinə həsr edilmiş konfransda rusiyalı hakim Anatoli Kovler bildirmişdir.
Onun dediyinə görə, hazırda Avropa məhkəməsinin icraatında Rusiyadan 20 min 300 şikayət, baxılmaq mərhələsində isə 1500 şikayət vardır. A.Kovler bildirmişdir ki, onların yarısından çoxu insan hüquqlarına dair Avropa Konvensiyasının (ədalətli məhkəmə araşdırması hüququ) 6-cı maddəsinin pozulmasına aiddir.
On il ərzində Strasburq məhkəməsinə cəmi 46 min 685 şikayət daxil olmuşdur, bu isə həmin instansiyaya bütün müraciətlərin təqribən dörddəbir hissəsidir.
Ədalət naminə etiraf etmək lazımdır ki, bu, Rusiya əhalisinin payına proporsionaldır, buna görə də demək olmaz ki, Avropa məhkəməsi Rusiya Federasiyasından şikayətlərlə doludur.
Qeyd etmək lazımdır ki, yalnız ötən il Strasburq məhkəməsi Rusiyadan göndərilmiş şikayətlərə baxılmasının yekunlarına görə vətəndaşların xeyrinə 2 milyon avrodan çox məbləğdə cərimə almışdır. Bu məbləğdən təqribən 700 min avro əsassız həbsə görə tutulmuş kompensasiyadır.