SİYASƏT
İNSAN HÜQUQLARI VƏ DEMOKRATİKLƏŞDİRMƏ ÜZRƏ FORUMUN 4-CÜ İCLASI
Respublika Ali Məhkəməsində Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Avropa Şurasının insan hüquqları üzrə əlaqələndiricisi xanım İnkeri Aarnio-Lvofun, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının texniki əməkdaşlıq layihəsi üzrə əlaqələndiricisi xanım Branko Sestonun, ATƏT-in Bakıdakı nümayəndəliyinin başçısı Piter Burkhardın və nümayəndəliyin əməkdaşı Lutz Leyçtfusun, AŞ-nin üzvü olan bir sıra ölkələrin və ABŞ səfirliklərinin əməkdaşlarının iştirakı ilə insan hüquqları və demokratikləşdirmə üzrə forumun 4-cü iclası keçirilmişdir.
Ali Məhkəmənin sədri Südabə Həsənova forumda çıxış edərək, Azərbaycanda uğurla həyata keçirilmiş məhkəmə-hüquq islahatlarından, Avropa Şurasının üzvü olan ölkələrin və onların mütəxəssislərinin köməyi ilə yeni Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual Məcəllələrinin və digər qanunların qəbul olunması, inkişaf etmiş sivil ölkələrin məhkəmə hakimiyyətinə uyğun olaraq yaradılmış üçpilləli məhkəmə sisteminin fəaliyyəti haqqında məlumat vermişdir. Daha sonra o, Ali Məhkəmənin tərkibi, iş fəaliyyəti və yeni qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası kimi Ali Məhkəmənin üzərinə düşən hüquq və vəzifələrdən danışmışdır.
İclasda iştirakçıları maraqlandıran suallara cavab verilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Ali Məhkəmənin Mətbuat xidməti