İntiqam Babayev: Azərbaycan dövləti gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərir
Bakı, 1 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan dövləti gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə bağlı mükəmməl hüquqi baza yaradılıb və daim təkmilləşdirilir. Gənclərlə bağlı mövcud qanunvericiliyə dəyişiklik hazırda parlamentdə müzakirə mərhələsindədir. Hər yeni düzəliş və dəyişiklik dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə mətbuat nümayəndələri ilə görüşdə deyib.
Hazırda gənclərin düşüncə tərzinin müsbət mənada xeyli dərəcədə dəyişdiyini vurğulayan nazir müavini deyib: “Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel döyüşləri nöqtə qoydu. Aprel döyüşləri bugünkü gənclərin milli kökə bağlı vətənpərvər şəxsiyyət kimi formalaşdığının əyani sübutudur. Bu gün ölkədə 350-dək gənclər təşkilatı fəaliyyət göstərir. Onların arasında daim fəal olan və nisbətən zəif fəallıq göstərən təşkilatlar da var. Bütün təşkilatların eyni vaxtda fəal olmasını gözləmək mümkün deyil. Bu da olduqca təbii haldır. Həmin təşkilatların ideyalarının formalaşdırılması üçün bir çox donor sistemi mövcuddur. Gənclər də bundan yaxşı mənada istifadə edərək öz layihələri üçün yararlana bilirlər”.
Nazir müavini qeyd edib ki, bu il gənclər sahəsində iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada üzrə iş aparılması nəzərdə tutulur. Burada texnologiya, elm sahələrində fəaliyyət göstərən gənclərə dəstək verilməsinə dair layihələri, onları stimullaşdırılmasını qeyd etmək olar. Nazirliyin yaradılmasının 25 illiyi ilə bağlı iyulda beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələbələrə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və s. məsələlərə dair də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İ.Babayev deyib: ki, nazirliyin balansındakı 12 Gənclər evində gənclər üçün tam ödənişsiz xidmətlər göstərilir. Gənclər idmandan başqa, toxuculuq, rəsm, rəqs, dil və s. kurslara da maraq göstərirlər. Təəssüf ki, bəzi gənclər radikal qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşürlər. Belə gənclərin sayı az olsa da, bu, bizi narahat edir. Çıxış yolu gənclərimizi maarifləndirmək, onları doğru yola yönəltməkdir. Bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir.