İordaniya Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir
Əmman, 19 iyun (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin mədəniyyət naziri xanım Lana Mamkeqh ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan L.Mamkeqh demişdir ki, dövlət başçılarının şəxsi dostluğu bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması mədəniyyət sahəsində əməkdaşlığın inkişafına da töhfəsini verir. 2009-cu ildə Bakıda İordaniya, 2010-cu ildə isə İordaniyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi yadda qalan tarixi hadisələrdir. İordaniyalı nazir ölkəsinin bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu, dostluq münasibətlərinin, xüsusən də mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinin vacibliyini qeyd etmişdir.
Səfir S.Ağabəyov Azərbaycanın da İordaniya ilə hər zaman əməkdaşlığa hazır olduğunu bildirmişdir. O, cari ilin may ayında Bakıda Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkil etdiyi beynəlxalq mahnı müsabiqəsində İordaniyanı təmsil edən Filadelfiya Universitetinin tələbələrinin iştirakını qeyd etmişdir. Səfir iyun ayının sonunda keçiriləcək “Ceraş” mədəniyyət və incəsənət festivalında Azərbaycan musiqiçilərinin iştirakı barədə nazirə məlumat vermişdir.
Görüşdə cari ilin sonunadək Azərbaycanda İordaniya mədəniyyət və incəsənət günlərinin keçirilməsinə dair təkliflər müzakirə edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir münaqişə nəticəsində ölkəmizdə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, bu problemin uzun illər boyu ölkə iqtisadiyyatına zərbə vurduğunu, eyni zamanda, işğal altında olan Azərbaycan torpaqlarında yüzlərlə mədəniyyət və incəsənət ocaqlarının, müsəlman qəbir daşlarının ermənilər tərəfindən darmadağın edildiyini diqqətə çatdırmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman