İordaniya mətbuatı Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyindən yazıb
Qahirə, 7 mart, AZƏRTAC
İordaniyanın qəzet və portallarında rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqinanın Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş analitik məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Əl Ənbat”, “Nəbd Əl Balad” qəzetləri, həmçinin “Cohina” və “Şaab” portallarında yayılan məqalədə bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında və Bakıda Azərbaycanın bu mötəbər təşkilata üzv olmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər barədə danışılır. İordaniya ictimaiyyətinin diqqətinə çatdırılır ki, rəsmi Bakı BMT-də beynəlxalq hüququn və çoxtərəfliliyin güclü tərəfdarı kimi çıxış edir.
Müəllif torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə Azərbaycan diplomatiyasının BMT-nin müxtəlif strukturlarında apardığı səmərəli fəaliyyətdən bəhs edib. Diqqətə çatdırıb ki, rəsmi Bakı həmişə təşkilatın Nizamnaməsinə və beynəlxalq konvensiyalara hörmətlə yanaşıb, 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul etdiyini xatırladan jurnalist yazıb ki, bu təşkilat işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində daha fəal iştirak etməlidir. O, həmçinin Azərbaycanın BMT-nin dünyanın müxtəlif yerlərində mandat verdiyi sülhməramlı missiyalarda, 2030-cu ilədək Dayanıqlı İnkişaf Hədəflərinin həyata keçirilməsində, xüsusilə insan hüquqlarının müdafiəsi və təşviqi ilə bağlı fəaliyyətlərdə yaxından iştirak etdiyini vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə