İordaniya qəzeti: İƏT Azərbaycana təzminat ödənilməsini tələb edib
Qahirə, 4 aprel, AZƏRTAC
İordaniyanın “Əl Ənbat” qəzetində rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın “İƏT Azərbaycana təzminat ödənilməsini tələb edib” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə bu yaxınlarda İslamabadda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının qətnaməsində 57 üzvü olan və BMT-dən sonra dünyanın ikinci beynəlxalq təşkilatı sayılan İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı ilə bağlı qəbul etdiyi 4 qətnamədən birinin - “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” olduğu diqqətə çatdırılıb. Müəllif vurğulayıb ki, qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, məscidlərin Ermənistan tərəfindən təhqir olunması kəskin pislənilib. Ən əsası isə, bu sənəddə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək hüququ, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
İordaniyalı jurnalist yazıb ki, İƏT və Ərəb Dövlətləri Liqası dəfələrlə Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib. İslam ölkələri xarici siyasət idarələri rəhbərlərinin son iclasında imzalanmış “İslamabad Bəyannaməsi”ndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək ifadə olunub. Sənəddə qeyd olunub ki, Azərbaycan ilə Ermənistan arasında silahlı münaqişənin sona çatmasını alqışlayan İƏT-in xarici işlər nazirləri Ermənistanın təcavüzündən ciddi zərər çəkmiş işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduqlarını bir daha təsdiq edib, bu işlərin məcburi köçkünlərin tezliklə təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədi daşıdığını vurğulayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə