İqbal Hacıyev: Dünya Azərbaycanlılarının IV Qurultayında diasporumuz qarşısında mühüm vəzifələr qoyuldu
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 3-4-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində oldu. Bu qurultay Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də soydaşlarımızın ölkəmizin maraqlarından irəli gələn proseslərdə daha fəal iştirakını təmin etməkdir. Dünya Azərbaycanlılarının IV Qurultayı bu prosesə, həmçinin dünya azərbaycanlılarının birliyinin daha da güclənməsinə, koordinasiyanın möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev bildirib.
İqbal Hacıyev deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz çalışmalıdırlar ki, bu məsul vəzifənin öhdəsindən layiqincə gəlsinlər. Vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən gənclər bu gün diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətdə önəmli addımlar atılır.
Assosiasiyanın sədri qeyd edib ki, Prezident İlham Əliyev qurultaydakı nitqində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğuladı və informasiya üstünlüyünün önəmini qeyd etdi. Xarici ölkələrdə yaşayan həmvətənlərimizin həmin ölkələrin icraedici və qanunverici orqanlarında təmsil olunmalarının zəruriliyini diqqətə çatdırdı. Bir sözlə, dövlətimizin başçısı diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoydu. Biz bu vəzifələri ən yüksək səviyyədə yerinə yetirəcəyik. Artıq bununla bağlı yeni fəaliyyət planı da qəbul edilib.