İQTİSADİ İNKİŞAF NAZİRİ ÖLKƏMİZDƏ SƏFƏRDƏOLAN AYİB-İN PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan Fərhad Əliyev AYİB ilə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu qeyd edərək, bu əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildirmiş və bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin icrasının hazırkı vəziyyəti barədə ətraflı məlumat vermişdir.
AYİB prezidenti Jan Lemyer Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara yüksək qiymət vermiş, rəhbərlik etdiyi beynəlxalq maliyyə qurumunun da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə Hacıqabul-Kürdəmir və Bakı-Samur avtomobil yollarının yenidən qurulması, TRASEKA proqramının iştirakçısı olan ölkələrdə limanların imkanlarının genişləndirilməsi, Dövlət Dəmir Yolu üçün lokomotivlərin alınması, AzDRES-in yenidən qurulması, Beynəlxalq Bankın səhmlərinin 20 faizinin özəlləşdirilməsi, böyük sərmayə layihələrini maliyyələşdirə biləcək yeni bankın yaradılması, girovların qeydiyyatı, korporativ idarəetmə sisteminin yaradılması layihələri ətraflı müzakirə edilmişdir.
Jan Lemyer həmin layihələrin həyata keçirilməsində AYİB-in iştirakı üçün Azərbaycanda ilkin zəruri şərtlərin olduğunu bildirərək, bu istiqamətdə danışıqların davam etdiriləcəyini demişdir. O, qeyd etmişdir ki, artıq Hacıqabul-Kürdəmir avtomobil yolunun yenidən qurulması layihəsinin iyun ayında Direktorlar Şurası tərəfindən təsdiq olunması və bundan sonra layihənin icrasına başlanılması planlaşdırılır. Bu məqsədlə AYİB tərəfindən 41 milyon ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur.
İqtisadi inkişaf naziri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında AYİB-in daha fəal iştirak etməsini, bununla bağlı hökumət zəmanəti olmadan riskli layihələrin maliyyələşdirilməsinin genişləndirilməsini təklif etmişdir.
J.Lemyer təklifi müsbət qarşılamış və Azərbaycanda aqrar, telekommunikasiya və hüquqi sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulamışdır. O, məlumat vermişdir ki, keçid dövrünün ilkin mərhələsində olan ölkələrə yardım çərçivəsində banklar vasitəsilə kiçik və orta müəssisələrə ümumi məbləği 20 milyon avro olan kredit xətti açılacaqdır.
Tərəflər müzakirələrin davam etdirilməsi barədə razılığa gəlmişlər.