İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ İŞLƏMƏK ARZUSUNDA OLANLAR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, namizədlərdən sənəd qəbulu İqtisadi İnkişaf Nazirliyi tərəfindən sentyabrın 1-dən 30-dək aparılmışdır.
30 vakant yerə 296 nəfərin namizədliyi qeydə alınmışdır. Onlar Azərbaycan, Rusiya və Türkiyənin 26 ali məktəbinin məzunlarıdır. Sənəd verənlərin arasında Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları çoxluq təşkil edir. Namizədlər 60-a yaxın ixtisas üzrə təhsil almışlar. Bu ixtisasların sırasında maliyyə və kredit, mühasibat uçotu və audit, menecment, iqtisadi kibernetika, beynəlxalq iqtisadi münasibətlər, marketinq, iqtisadiyyatın hüquqi tənzimlənməsi, biznesin təşkili və idarəedilməsi, informatika və hesablama texnikası, qida məhsullarının texnologiyası, şəhər və ekologiya, gömrük ekspertizası, inşaat mühəndisi, zoomühəndis, dövlət və bələdiyyə idarəçiliyi, birja fəaliyyəti və fond bazarı, vergi və vergitutma, sənaye və mülki tikinti və başqa ixtisasları qeyd etmək olar.
Test nümunələri toplusu oktyabrın 10-dan, imtahana “Buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” oktyabrın 12-dən etibarən İqtisadi İnkişaf Nazirliyi tərəfindən namizədlərə paylanmışdır.
Namizədlərə 100 test tapşırığı təqdim olunmuşdur. Onlardan 80 sual namizədin iqtisadiyyat sahəsi üzrə biliyini, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən etməli idi. 3 saat davam etmiş imtahanda hər düzgün cavab bir balla qiymətləndirilmişdir. Səhv cavablar ümumi nəticəyə təsir etməmişdir. Mümkün olan 100 baldan ən azı 80 bal toplamış namizədlər 2-ci - nazirlikdə keçiriləcək müsahibə mərhələsinə buraxılmışdır.
İmtahanın nəticələri elə həmin gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdirilmişdir.
Test imtahanının nəticələrindən narazı qalanlar İqtisadi İnkişaf Nazirliyinə müraciət edə bilərlər.