İRAN MÜDAFİƏ SƏNAYESİNİN DAİMİ SƏRGİSİ İLƏ TANIŞLIQ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfərinin ikinci günü - yanvarın 25-də Tehranda İran müdafiə sənayesinin daimi sərgisində də olmuşdur. Burada dövlətimizin başçısını İranın müdafiə naziri Əli Şamxani böyük hörmət və ehtiramla qarşıladı. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Burada İranın müdafiə naziri ilə görüş zamanı Azərbaycan Prezidentinin səfərinin uğurla keçdiyi xüsusi vurğulandı, ölkələrimiz arasındakı əməkdaşlığın, o cümlədən hərbi sahədə əlaqələrin səviyyəsindən razılıq ifadə olundu. Bir daha vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu uğurlu səfəri gələcəkdə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Sonra dövlətimizin başçısı İlham Əliyev İranda istehsal olunan hərbi texnikanın nümunələri ilə tanış oldu.
Azərbaycan Prezidenti sərgi ilə tanışlıqdan sonra İran televiziyasının müxbirinə qısa müsahibə verdi.
SUAL: Cənab Prezident, sərgi və burada göstərilən eksponatlar barədə nə deyə bilərsiniz?
CAVAB: Həqiqətən, İranda müdafiə sənayesinin yüksək imkanlara, potensiala malik olmasını müşahidə etdik. Sərgidə nümayiş etdirilən silah-sursat yüksək texnologiyaya və müasir standartlara cavab verir. Sizi bu cür uğura nail olduğunuza görə təbrik edirəm.
SUAL: Cənab Prezident, İrana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?
CAVAB: Səfərin məqsədi münasibətləri daha da genişləndirməkdir. Münasibətlər uğurla davam edir, inkişafdadır. Şadam ki, əməkdaşlıq müdafiə sahəsini də əhatə etməyə başlayır. Bütün mümkün sahələrdə əməkdaşlıq edirik. Sabah vacib sənədlər imzalanacaqdır. Bu sənədlər ölkələrimizi bir-birinə indikindən daha çox yaxınlaşdıracaqdır. Əminəm ki, səfər və imzalanan sənədlər ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox bağlayacaqdır.