DÜNYA
İranın İnsan Hüquqları Komitəsi qərb mətbuatını təkzib edən bəyanat yayıb
Tehran, 20 may, AZƏRTAC
İranın İnsan Hüquqları Komitəsi xüsusi bəyanat yayaraq İranda məhkum həyatı yaşayan Gillbert adlı Avstraliya vətəndaşı haqqında qərb mətbuatının yaydığı xəbərləri təkzib edib.
AZƏRTAC bəyanata istinadən xəbər verir ki, Gillbert casusluqda ittiham edilərək İran məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Ötən gün bir sıra Avstraliya və Avropa ölkələrinin mətbuat orqanlarında Gillbertin intihar edərək öldüyü iddia olunub.
İranın İnsan Hüquqları Komitəsi bu kimi xəbərlərin yalan olduğunu və həqiqəti əks etdirmədiyini bildirir. Nəzərə çatdırılır ki, qərb mətbuatı artıq 3-cü dəfədir ki, Gillbertin ölməsi haqqında doğru olmayan xəbərlər yayır. Halbuki, Gillbert telefondan istifadə etmək hüququndan istifadə edərək ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Digər tərəfdən Avstraliyanın İrandakı Səfirliyi Gillbertin səhhətini və vəkilli ilə təmaslarını nəzarətdə saxlayır. Digər məhkumlar kimi Gillbert də vaxtında tibbi müayinədən keçirilir və lazım gəldikdə müalicə alır.
Bəyanatda qeyd olunur ki, bu kimi yalan xəbərlər qərb mətbuatında təsadüfən dərc edilmir. Həmişə olduğu kimi, bu dəfə də qərb mətbuatı İrana qarşı qara yaxma kompaniyası aparıb, onu dünya ictimaiyyətinin gözündə insan hüquqlarını pozan dövlət kimi təqdim etməyə çalışır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran