İraq jurnalisti: Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini əks etdirir
Bakı, 10 noyabr, AZƏRTAC
İraqın “Əl-Muraqib Əl-İraqi” qəzetinin 8 noyabr sayında jurnalist Mutəzz Muhy Əbdülhəmidin “Azərbaycan parlament seçkilərindən sonra... Xalqın iradəsi yeni parlamentdə öz əksini tapdı” adlı geniş məqaləsi dərc edilib.
Müəllif məqaləsində Azərbaycanın seçki sistemi, ölkədə hökm sürən sabitlik, inkişaf barədə danışır, ölkədə siyasi, iqtisadi və ictimai sferalarda böyük sıçrayışa nail olduğunu, xalqın seçkilərə erməni işğalı altındakı torpaqlarının azad olunması, sabitliyin qorunub saxlanması arzusu ilə gedərək layiqli seçim etdiyini vurğulayır.
Məqalədə, həmçinin bu ilin iyun ayında Bakıya rəsmi səfər etmiş İraqın neft naziri Adil Əbdülmehdinin Azərbaycan haqqında fikirlərinə də geniş yer ayrılır: Ölkə rəhbərliyi öz uğurları, tikinti-abadlıq işlərinin vüsət alması, əhalinin həyat şəraitinin yaxşılaşması, adambaşına düşən illik gəlirin təqribən 6-7 min dollar təşkil etməsi, işsizlik səviyyəsinin 5 faizə enməsi, ümumdaxili məhsulun həcminin davamlı şəkildə artması, Avropasayağı təmiz və səliqəli küçələr, göydələnlər, otellər, dənizkənarı parklarla fəxr edir. Azərbaycanlıların fəxr etdikləri ən mühüm nailiyyətlərdən biri də Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərini bir-birinə bağlayaraq Türkiyə vasitəsilə Avropaya uzanan 1774 kilometrlik boru xətlərinin uğurla çəkilməsidir. “Biz Bakıdan 100 kilometr aralıda yerləşən, dənizdəki “Şahdəniz” blokuna aparılacaq nəhəng platformaların hazırlanmasını da gördük. Onlar dərinliyi 175 metr olan sularda istifadə ediləcək. Deyirlər ki, bu, dərinliklərin qumsallığı səbəbindən ən çətin layihələrdəndir. Mühəndislərdən birinin şərh etdiyi kimi, orada təzyiqin dəyişməsi bu layihəni insanın Ayın səthinə endirilməsi prosesindən də çətin edir. Bu layihədə yerli işçi qüvvəsi 90 faiz təşkil edir”, - deyə nazir vurğulayıb.
Müəllif daha sonra bildirir ki, Sovet İttifaqı zamanında ölkə istibdad və məhrumiyyətlərlə üzləşmiş, ittifaq dağılandan sonra isə anarxiya və böhran girdabına yuvarlanmışdı. Yalnız 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə bütün beynəlxalq aləmə açıldı, xalqın mənafelərinə yönələn sülhsevər siyasət yeridilməyə başlandı.
İraq və Azərbaycan xalqları arasında çoxlu müştərək tarixi, dini amillər olduğunu, ölkələrin iqtisadi həyatında neft-qazın mühüm yer tutmasını qeyd edən müəllif yazır: “Paytaxt Bakının mərkəzində azərbaycanlıların fəxr etdikləri bir memarlıq incisini də gördük. Bu, İraqın peşəkar siyasət xadimi, krallıq və respublika dövründə nazir olmuş Milli Demokratik Partiyanın liderlərindən biri mərhum Məhəmməd Hədidin qızı dünya şöhrətli memar Zaha Hədidin layihəsidir”.
Mutəzz Muhy Əbdülhəmid məqaləsində bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasının aparıldığını, ikili standartların tətbiq olunduğunu, bunun son seçkilərdə də baş verdiyini qeyd edir. Həmin dairələrə ən tutarlı cavab kimi, seçkilərdə müşahidəçi kimi iştirak etmiş fransalı parlamentari Jan Fransua Manselin rəyini misal gətirir.
Müəllif fikirlərini əsaslandıraraq yazır: Erməni lobbisinin nüfuz etdiyi bəzi Qərb dövlətləri demokratiya, azadlıqlar və insan hüquqları sahəsində fəaliyyət göstərən bir sıra təşkilatları siyasi cəhətdən istiqamətləndirirlər. Hətta erməni lobbisinin təsiri altında olan belə təşkilatların əksəriyyəti birbaşa siyasi təzyiq vasitəsinə çevrilir. Buna görə də demokratiya, insan hüquqlarından dəm vuran bu dairələr başqa dövlətlərə münasibətdə öz mənafelərinə və hədəflərinə münasib olaraq ikili standartlar tətbiq edirlər ki, bu da çox vaxt milli mənafelərlə ziddiyyət təşkil edir. Digər tərəfdən isə, əksinə, bu dairələr bəzi dövlətlərdə demokratiya və insan hüquqları sahəsində baş verən böyük pozuntulara göz yumurlar.
Məqalənin sonunda Azərbaycanda seçkilərin şəffaf və düzgün keçirildiyi, bu seçkilərin gənc Azərbaycan demokratiyasının təkmilləşməsi üçün yeni bir imtahan, demokratik inkişaf yolunda irəliyə doğru daha bir mühüm addım olduğu vurğulanır.