İRAQ VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN GENİŞLƏNMƏSİNƏ TƏRƏFDARDIRLAR
Əhməd Necdət Sezər avqustun 16-da aparılmış danışıqların yekunlarına əsasən bildirmişdir ki, onun Türkiyə müvəqqəti İraq hökumətinin ölkədə sülhün və sabitliyin təmin edilməsinə, demokratiyanın, İraqın ərazi bütövlüyü və birliyinin möhkəmlənməsinə yönəldilmiş səylərini dəstəkləməyə hazırdır.
İki ölkənin liderləri kökləri əsrlərin dərinliklərinə gedib çıxan ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin daha da genişləndirilməsinə kömək etməyə hazır olduqlarını açıqlamışlar.
Əhməd Necdət Sezər demişdir: “Türkiyə təəssüflə nəzərə çarpdırır ki, indiki vaxtda nə İraq hökuməti, nə də çoxmilli qüvvələr ölkə xalqı üçün sülh və sabitlik şəraitini təmin edə bilməmişdir. Terror aktları, silahlı basqınlar, girovlar götürülməsi ölkə iqtisadiyyatının inkişafına kömək etmir”. O, iraqlı həmkarını İraqa yük daşıyan türk sürücülərin təhlükəsizliyinin təmin olunması üçün təcili tədbirlər görməyə çağıraraq demişdir ki, onların bir qismi İraqda müəyyən dairələrin nümayəndələri tərəfindən girov götürülmüşdür. Türkiyə Prezidenti vurğulamışdır: “Bu sahədə vəziyyətin ikitərəfli ticarət-iqtisadi münasibətlərə mənfi təsir göstərə biləcək həddi keçməsinə yol vermək olmaz”.
Prezident Əhməd Necdət Sezər Kürd İşçi Partiyası silahlı birləşmələrinin Şimali İraqda yuva salması ilə əlaqədar Ankaranın narahatlığını vurğulamış və ümidvar olduğunu söyləmişdir ki, İraq hökuməti Türkiyənin terrorçu təşkilat adlandırdığı PKK-nın oradakı dayaq bazalarının ləğv edilməsi üçün müvafiq tədbirlər görəcəkdir.
Qazi əl-Yavər bildirmişdir ki, İraq rəhbərliyi Türkiyə ilə dostluq münasibətlərinin mehriban qonşuluq və bir-birinin daxili işlərinə qarışmamaq əsasında inkişaf etdirilməsinə tərəfdardır. O demişdir: “İraq Türkiyənin təhlükəsizliyinə qorxu törədən heç bir təşkilata və ya qruplaşmaya öz ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəkdir”.