SİYASƏT
İraqın Baş naziri: Azərbaycanla əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində böyük potensial var
![İraqın Baş naziri: Azərbaycanla əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində böyük potensial var](/files/2023/3/1200x630/17017761651650211148_1200x630.jpeg)
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanın İraqdakı səfir Nəsir Məmmədov İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafı, siyasi, dini və mədəni əlaqələrin möhkəmləndirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il noyabrın 19-21-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidin ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verəcək.
Baş nazir iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində siyasi, iqtisadi-ticari, humanitar və bir sıra digər sahələrdə böyük potensialın olduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin iqtisadi cəhətdən ildən-ilə gücləndiyini qeyd edən Baş nazir gələcəkdə bir çox sahələrdə (enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və s.) təcrübə mübadiləsinin aparılmasının hər iki ölkəyə fayda verəcəyini bildirib.
O, İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ikitərəfli və çoxtərəfli formatda daim dəstəklədiyini bildirərək, hər iki ölkənin minlərlə insanın ölümünə səbəb olan müharibələrdən əziyyət çəkdiyi üçün onların yerləşdiyi regionlarda sabitliyin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki dövlət arasındakı əməkdaşlığın uğurlu olduğu vurğulanıb.
Səfir N. Məmmədov hər iki ölkənin əməkdaşlıq üçün böyük potensialının olduğunu qeyd edərək, qarşıdan gələn günlərdə Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasının keçiriləcəyini, eyni zamanda, Azərbaycan-İraq biznes-forumunun təşkil olunacağı barədə məlumat verib. Diplomat İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə də danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.