İRİA-nın rəsmisi: Agentlik olaraq hər zaman startaplara dəstək oluruq
Bakı, 17 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq hər zaman sosial sahibkarlıq nümunəsi olan startaplara dəstək oluruq. İstər yerli, istərsə də beynəlxalq proqramlarda iştirakını təmin edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Sosial Sahibkarlıq Forumu”nda çıxışı zamanı deyib. O, sosial sahibkarlıq təşəbbüslərində innovativ yanaşmanın önəmindən, ölkəmizdə yüksəlişdə olan innovasiya ekosisteminin çoxşaxəli inkişafının sosial sahibkarlıq təşəbbüslərinə də verdiyi xüsusi töhfədən söz açıb.
Qeyd edək ki, forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində çıxış edən natiqlər sosial sahibkarlığın ölkə iqtisadiyyatının müxtəlif sahələrində dayanıqlı inkişafı təmin etməsi baxımından ictimai dəyərini və mühüm rolunu vurğulayıblar.