CƏMİYYƏT
İşğaldan azad olunmuş ərazilərdə saysız-hesabsız partlamamış hərbi sursatlara rast gəlinir - AÇIQLAMA

Bakı, 21 sentyabr, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi işğaldan azad olunan ərazilərdə minalar və partlamamış hərbi sursatlar problemini araşdırır. Bu ərazilərdə saysız-hesabsız partlamamış hərbi sursatlara rast gəlinir.
Bunu İctimai Birliyin sədri Hafiz Səfixanov sentyabrın 19-da Xocavənddə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat diversiya qrupu tərəfindən Azərbaycanın suveren ərazilərində basdırılan tank əleyhinə minaların partlaması nəticəsində Daxili İşlər Nazirliyinin 4 əməkdaşı və iki mülki şəxsin həlak olması ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, bu hadisə Azərbaycan xalqının səbir kasasını daşdıran son damla idi. Bununla əlaqədar Azərbaycandakı minadan zərərçəkənlər, onların ailələri və vətəndaş cəmiyyətinin üzvləri beynəlxalq ictimaiyyətə, xüsusilə də BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Denis Frensisə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət ünvanlayıb.
“2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra 314 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Həmin insanların əksəriyyəti mülki şəxslərdir. Onların çoxu işğaldan azad olunan ərazilərdəki infrastruktur layihələrinin icrasına cəlb olunmuşdu.
Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması naminə böyük addımlar atır. Qarabağda yerləşdirilən minaları təmizləyir, həmin ərazilərdə infrastruktur layihələri həyata keçirir, yaşayış məskənləri salır. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunan ərazilərdə minalar və partlamamış hərbi sursatlar problemini araşdırır. Üç aydır davam edən layihənin nəticəsi olaraq yekun hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə, BMT-yə və digər beynəlxalq təşkilatlara göndəriləcək. Layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi proseslərini monitorinq etmişik. İnfrastruktur layihələrinə cəlb olunan təşkilatların rəhbərləri, işçilərlə görüşlər keçirmişik. Gördüklərimiz onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə saysız-hesabsız partlamamış hərbi sursatlara rast gəlinir. Hətta ermənilər qəbiristanlıqda, çay kənarlarında belə piyada əleyhinə mina basdırıb”, - deyə Hafiz Səfixanov vurğulayıb.