SİYASƏT
İslam dünyası Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir
Bakı, 6 aprel, AZƏRTAC
Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın yürütdüyü işğalçılıq siyasəti həm də Qarabağda və Şərqi Zəngəzurda bütün Azərbaycan və İslam irsini məhv etməyə yönəlmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra səfirlər, münaqişənin həlli üzrə təmas qrupunun üzvləri işğaldan azad olunmuş ərazilərə səfər edərkən hər şeyi öz gözləri ilə gördülər və açıq bəyanatlar verdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın Əlcəzair, İraq və Sudanın nüfuzlu mətbuat orqanları tərəfindən dərc olunan məqaləsində yer alıb.
“İslam dünyasından Qarabağla bağlı növbəti həmrəylik” sərlövhəli məqalədə deputat İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvlərinin ötən ay Azərbaycana səfərindən, Füzuli, Şuşa və Ağdamda olmalarından bəhs edib. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Pakistan, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının nümayəndələri Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Qonaqlar, həmçinin Zəfərdən dərhal sonra Azərbaycan dövlətinin bu şəhərdə həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Media təmsilçiləri bütün İslam dünyasının Azərbaycanın yanında olduğunu bəyan edərək, Azərbaycan həqiqətlərini dünyaya yaymaqda davam edəcəklərini bəyan ediblər.
Qarabağda aparılan bərpa-quruculuq işlərinə toxunan K.Nurullayeva yenidənqurma prosesi zamanı İslam dəyərlərinə qarşı vandallığın nəticələrinin aradan qaldırıldığını vurğulayaraq bildirib: “Qarabağda məscidlər bərpa olunur və yeni məscidlər tikilir. Bu baxımdan, Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfər həm də İslam dünyasının qələbəsidir. Təsadüfi deyil ki, istər işğal dövründə, istərsə də 44 günlük müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın yanında idi”.
İƏT-in postmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu qeyd edən deputat Təşkilatın Xarici İşlər Nazirləri Şurasının bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul edilən dörd qətnaməsini əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının nəticələri Azərbaycanın münaqişədən sonrakı sülh gündəliyinə artan beynəlxalq dəstəyi bir daha təsbit etməklə, bu gündəliyin irəli aparılması və Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinin fəsadlarının aradan qaldırılması işində ölkəmizlə həmrəyliyi təsdiqləyir. Bu, həm də Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək verilməsinin bariz nümunəsidir.
K.Nurullayeva diqqətə çatdırıb ki, İƏT-ə üzv dövlətlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə həmişə olduğu kimi, indi də düzgün siyasi və hüquqi qiymət verir. Bir sözlə, İslam dünyası Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir.