İslam Əməkdaşlıq Təşkilatı Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
Qahirə, 11 dekabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əhməd Əl-Osayminin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bəyanatı yayılıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda bəşəriyyətin ağır COVID-19 pandemiyası ilə qarşı-qarşıya qaldığı şəraitdə dini və irqi ayrı-seçkiliyə yol verilməməsinin zəruriliyi, ədalət və insan hüquqlarının təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, İƏT-ə üzv dövlətlər vətəndaşlarının təməl hüquq və azadlıqlarının qorunması, sosial ədalətin bərqərar edilməsi istiqamətində səylərini artırmalıdır.
İƏT-in baş katibi diqqətə çatdırıb ki, postpandemiya dövründə dünyada hüquqları pozulan və dini zəmində ayrı-seçkiliyə məruz qalan milyonlarla müsəlmanın, o cümlədən qaçqınların, qadın və uşaqların hüquqlarının bərpası üçün təsirli tədbirlər görülməlidir. Eyni zamanda, təşkilata üzv ölkələrdə COVID-19 əleyhinə vaksinin əhalinin bütün təbəqələri üçün əlçatan olmasını təmin etmək olduqca vacibdir.
Bəyanatda, həmçinin getdikcə artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub. Diqqətə çatdırılıb ki, Qərbdə İslamın Peyğəmbərinin karikaturalarının yayılması bütün müsəlmanların ciddi etirazına səbəb olub. Bu cür halların qarşısını almaq məqsədilə dini liderlərin dialoquna, “ikili standartlara” son qoyulmasına və sivilizasiyalar arasında sosial-mədəni körpüyə ehtiyac var. İƏT bu istiqamətdə kin və nifrət bəyanatlarının qarşısının alınmasına dair BMT İnsan Hüquqları Komissiyasının 16/18 saylı qətnamələrini, digər beynəlxalq sənədləri dəstəkləyir. Bu ilin noyabrında təşkilatın İnsan Hüquqlarına dair Qahirə Bəyannaməsinin qəbul edilməsi də əlamətdar hadisədir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə