REGİONLAR
İsmayıl Əliyev: Tələbələrin təqaüdlərinin artırılması Prezidentin gənclərə göstərdiyi qayğının növbəti təzahürüdür
Naxçıvan, 27 fevral, Tural Kəngərli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin fevralın 14-də imzaladığı Sərəncamla doktorantların, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılması biz tələbələri çox sevindirdi. Təqaüdlərin artırılması maddi vəziyyətimizin daha da yaxşılaşmasına səbəb olacaq.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının I kurs tələbəsi İsmayıl Əliyev deyib.
O bildirib ki, Prezidentin Sərəncamı ilə təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin artırılması da tələbə-gənclərə göstərilən dövlət qayğısının təzahürüdür. Təhsil alan tələbələrin bir çoxu ailələrinə maddi cəhətdən yük olmayacaq. Buna görə də dövlətimizin başçısına minnətdarıq.
“Ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsil və gənclər sahəsi daim diqqət mərkəzində saxlanılır. Biz görürük ki, təhsil ocaqlarının binaları müasir standartlar səviyyəsində tikilərək istifadəyə verilir”, - deyən İsmayıl Əliyev vurğulayıb ki, bu baxımdan Naxçıvan Dövlət Universitetində dövlətimiz yüksək təhsil almaq üçün ideal şərait yaradıb. Bu da tələbələrə, təhsilə göstərilən yüksək diqqət və qayğının ifadəsidir.