İsmayıllıda koronavirusa yoluxanların sayı azalıb
İsmayıllı, 1 yanvar, AZƏRTAC
İsmayıllıda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət gücləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, polis şöbəsinin əməkdaşları, gənclərdən və könüllülərdən təşkil olunan modul qruplar fəaliyyətinə icazə verilən ticarət və digər obyektlərə, sakinlərin sıx toplaşdığı yerlərə, o cümlədən bazarətrafı ərazilərə, bankomatların qarşısına mütəmadi olaraq reydlər keçirir, vətəndaşlar arasında profilaktik-maarifləndirmə işləri aparırlar. Təkcə son bir gün ərzində reydlər zamanı sakinlərə min ədəd maska da paylanılıb. Məhz həyata keçirilən tədbirlər nəticəsində artıq rayonda koronavirus pandemiyasına yoluxmaların sayı azalıb.
Verilən məlumatda o da qeyd olunur ki, təkcə son bir həftədə ticarət obyektlərində aparılan 2123, digər fəaliyyət sahələrində aparılan 264 və 72 yas məclisində aparılan monitorinq zamanı sərt karantin qaydalarının pozulması halları da müəyyən edilib. Nəticədə 129 ticarət və 184 digər obyektin sahibinə və 3703 vətəndaşa xəbərdarlıq olunub, habelə 44 nəfər inzibati qaydada cərimələnib.
Qeyd edək ki, sərt karantin rejimi qaydalarına uyğun olaraq rayon mərkəzində (kənd və qəsəbələr istisna olaraq) bütün şəxslərə yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-lə icazə sistemi (8103) və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 xidməti-zəng mərkəzi vasitəsilə icazə verilir.