REGİONLAR
İsmayıllıda sahibkarlarla görüş
İsmayıllı, 28 fevral, AZƏRTAC
İsmayıllıda sahibkarların qarşılaşdığı problemlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan tədbiri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısından, sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynovun məsələ ilə əlaqədar məruzəsi dinlənilib. Məruzəçi rayonda sahibkarlıq obyektlərinin fəaliyyətini geniş təhlil edərək, sahibkarların qayğı və problemlərindən danışıb.
Müşavirədə “Sandal” firmasının rəhbəri Rüstəm Əhmədov, “İsmayıllı Quşçuluq” ASC-nin idarə heyətinin sədri Zahid Qardaşov, tikiş fabrikinin direktoru Lətifə Əliyeva, “Xoşbəxt X” kiçik müəssisəsinin sahibi Ruhiyyə Süleymanova və başqaları çıxış ediblər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Əmir Əmirli, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Camalov, İqtisadiyyat Nazirliyinin Şirvan Regional bölməsinin müdiri Azər Qasımov, 10 saylı Ərazi Regional Vergilər İdarəsinin rəisi Cavid Kəngərli çıxış edərək, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi qayğıdan, sahibkarlığın kreditləşmə mexanizmlərindən, vergi qanunvericiliyindən və sahibkarlıqla bağlı digər vacib məsələlərdən danışıblar.
Müşavirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonda rayon Sahibkarlar İctimai Birliyinin yeni tərkibi formalaşdırılıb.