İsmayıllıya məsafədən hərarətölçən cihazlar gətirilib
İsmayıllı, 3 aprel, AZƏRTAC
İsmayıllı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və göstərişlərinə əsasən əhalinin sağlamlığının qorunması, bu məqsədlə karantin rejiminə ciddi əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həyata keçirilən “evdə qal” aksiyası çərçivəsində əhalinin küçələrə çıxmaması üçün ciddi nəzarət təşkil olunub. Lakin buna baxmayaraq, sakinlər xəstəxanaya, aptek və ərzaq mağazalarına getmək məcburiyyətində qalırlar. Epidemiyanın vaxtında aşkar edilməsi və təcili tədbirlərin görülməsi məqsədilə rayon icra hakimiyyətinin dəstəyi ilə məsafədən hərarətölçən cihazlar gətirilib. Bu cihazlar mərkəzi xəstəxanaya, Kapital Bankın İsmayıllı filialına, eləcə də insanların hər gün daha çox gədiyi digər təşkilatlara verilib.