İspaniya nəşri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümündən yazır
Madrid, 14 dekabr, AZƏRTAC
İspaniyanın “galiciadigital.com” xəbər portalında “Madriddə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü qeyd olunub” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, İspaniyanın “Style İnternational” qəzetinin diplomatiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Eduardo Quaylupo öz nəşrində AZƏRTAC-ın məlumatlarına istinadla dekabrın 12-də bütün Azərbaycan xalqı tərəfindən vəfatı əvəzedilməz itkiyə çevrilən ümummilli lider Heydər Əliyevin xatirəsinin dərin hüznlə yad edildiyini diqqətə çatdırıb.
Məqalədə E.Quaylupo Heydər Əliyevin xalqa xidməti, Azərbaycanın çiçəklənməsi naminə titanik fəaliyyəti və həyatı haqqında ətraflı məlumat təqdim edib.
İspaniya nəşri 1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayaraq, Heydər Əliyevin siyasi və dövlət fəaliyyətindən tarixi faktları diqqətə çatdırıb. Bildirilib ki, Qarabağdakı münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Eduardo Quaylupo diqqətə çatdırır ki, 1993-cü ilin may-iyun aylarında ölkədə hakimiyyət böhranının həddindən artıq kəskinləşməsi nəticəsində vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmış və o zaman Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə çıxış edib. Azərbaycanın ovaxtkı rəhbərləri Heydər Əliyevi rəsmi olaraq Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid