“İSR MOTORS” SƏRMAYƏ MÜSABİQƏSİNİN QALİBİ OLMUŞDUR
Müsabiqənin şərtlərinə müvafiq olaraq, “İSR Motors” MMM alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində dövlət büdcəsinə 1,3 milyard manat ödəməli, dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinə 65 min ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, Sərmayə Proqramında qeyd olunan ilkin işlərin həyata keçirilməsi üçün 294 milyon manat məbləğində pul vəsaitini “Neftçala yod-brom” ASC-nin hesablaşma hesabına köçürməlidir.
“İSR Motors” MMM alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və Sərmayə Proqramında nəzərdə tutulmuş 9,8 milyard manat məbləğində sərmayənin 18 ay ərzində üç mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir.
Sərmayələr quyuların əsaslı bərpası və müvafiq qurğularla təchizatına, bina və qurğuların, mühəndis kommunikasiyalarının təmirinə və yenilərinin qurulmasına, yeni texnologiya və avadanlığın alınmasına və s. yönəldiləcəkdir.
Müsabiqənin qalibi, həmçinin işçilərə olan əmək haqqı borcunun ödənilməsini, şəhid və qaçqın ailələrinin himayəyə götürülməsini, eləcə də tibb məntəqəsinin yaradılmasını, işçilər üçün məşğələlərin təşkilini nəzərdə tutmuşdur.