İsrail Dövlətinin Azərbaycandakı səfiri Gəncəyə səfər etmişdir
Gəncə, 17 iyun (AZƏRTAC, Sabir Əliyev). İsrail Dövlətinin Azərbaycandakı səfiri Rafael Harpaz Gəncəyə səfər etmişdir.
AZƏRTAC xəbər verir ki, qonağın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə görüşündə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Elmar Vəliyev Azərbaycan-İsrail əməkdaşlığının əhəmiyyətindən danışmış, qonağa şəhərin ictimai-siyasi həyatı, iqtisadiyyatı barədə ətraflı məlumat vermişdir.
Səfir Rafael Harpaz Azərbaycanın İsrail üçün dost ölkə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, təmsil etdiyi ölkə sürətlə inkişaf edən Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə daim mühüm əhəmiyyət verir. Hazırda Azərbaycanda 30 min nəfərə yaxın yəhudinin yaşadığını bildirən səfir bunlardan bir qisminin Gəncədə olduğunu diqqətə çatdırmışdır. Diplomat onların normal həyatı üçün burada hər cür şərait yaradıldığına görə minnətdarlığını bildirmişdir.
Rafael Harpaz Gəncəyə səfərinin məqsədini açıqlayarkən bildirmişdir ki, Azərbaycan ilə İsrail arasında bir çox sahələrdə əməkdaşlıq uğurla davam edir. Xüsusilə kənd təsərrüfatı, səhiyyə və elmin digər sahələri üzrə qurulan əlaqələr bu gün hər iki dövlət üçün böyük səmərə verir. Respublikanın qərb bölgəsinin mərkəzi sayılan Gəncədə də bu əlaqələrin qurulması üçün geniş imkanlar vardır.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq demişdir ki, bu məsələdə İsrail Dövlətinin mövqeyi hər kəsə məlumdur. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Görüşün sonunda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ingilis dilində çap edilmiş şeir və qəzəllər kitabı, eləcə də digər xatirə hədiyyələri təqdim olunmuşdur.