İsrail Yerli Hakimiyyətlər Federasiyasının konfransında Azərbaycan da təmsil olunub
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 18-20-də Təl-Əviv şəhərində İsrail Yerli Hakimiyyətlər Federasiyasının ənənəvi “Muni World” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhərinin Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov iştirak ediblər.
“Ağıllı şəhərlər və şəhər təhlükəsizliyi” mövzusunda olan “Muni World” konfransının əsas müzakirə mövzuları kibertəhlükəsizlik, şəhər rəqəmsallaşdırılması, nəqliyyat və digər məsələlər olub.
Konfransda qabaqcıl dünya ölkələrindən dəvət olunmuş 80-nə yaxın beynəlxalq heyət, İsrail Dövlətinin Xarici İşlər naziri Yisrael Katz, İqtisadiyyat naziri Eli Cohen və digər yüksək rütbəli dövlət məmurları iştirak ediblər. Konfrans ərəfəsində 170 şirkətin və 8000-ə yaxın ziyarətçinin iştirakı ilə şəhər texnologiyasının və təhlükəsizliyinin artırılması üçün müxtəlif təcrübələr nümayiş etdirən “Muni Expo” innovasiya sərgisi də keçirilib.