İDMAN
İSRAİLLİLƏR VƏ FƏLƏSTİNLİLƏR ANTARKTİDANI FƏTH ETMƏYƏ YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, fələstinlilərdən və israillilərdən ibarət nadir bir ekspedisiya yanvarın 1-də Çilinin Puerto Uilyams hərbi bazasından Antarktidaya yollanmışdır. Bu qeyri-adi yürüşdən məqsəd siyasi və dini maneələrin ayırdığı iki xalqın nümayəndələrinin uğurla əməkdaşlıq edə bilməsini əyani surətdə sübuta yetirməkdir. Fələstin muxtariyyətinin lideri Yasir Ərəfatın bəyəndiyi ekspedisiyanın iştirakçıları Antarktidada əvvəllər öyrənilməmiş bir dağı da tədqiq edəcəklər.
“Buzu qırırıq” adlandırılan ekspedisiyanın tərkibi də diqqətəlayiqdir: dörd israillidən ikisi vaxtilə öz ölkəsinin xüsusi təyinatlı bölməsində xidmət etmiş, dörd fələstinlinin biri İsrail əsgərlərinə hücumlarda iştirakına görə üç il həbsxanada yatmışdır.
İki yaxtada səyahətə çıxan qütbçülər dörd gündən sonra Antarktida sahillərinə yan alacaq, beş gün sahilboyunca irəliləyib, mənzil başına – Bryus yaylasındakı tədqiq edilməmiş zirvəyə çatacaqlar.