İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
İstanbul, 21 yanvar (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğunda xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda, şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Mərasimə toplaşan diaspor təmsilçilərimiz, qardaş ölkədə yaşayan soydaşlarımız, tələbə və müdavimlər, kütləvi informasiya vasitələrinin nümayəndələri şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov 20 Yanvar qətliamının səbəbləri, həmin ağır dövrdə xalqımızın azadlıq mübarizəsindən və M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin ermənipərəst siyasətindən ətraflı bəhs etmişdir. O bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə divan tutan sovet qoşunları 150-yə yaxın insanı amansızlıqla qətlə yetirmiş, 700-dən çox şəhər sakini yaralanmışdır. Həmin faciəli günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyə gəlmiş, bu qətliamın günahkarlarını pisləyən bəyanat vermişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət də məhz Ulu Öndərin səyləri ilə verilmişdir.
Mərasimdə çıxış edən Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, diplomat Mikayıl Yusifov, hərbçi Elçin Məmmədov, tələbə Rəşad Abdullayev və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirmişlər ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər qətliamlar bütün türk dünyasına qarşı törədilmiş cinayətlərdir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın tarixində milli azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qalacaqdır.
Sonra mərasim iştirakçıları 20 Yanvar qətliamını əks etdirən fotosərgi ilə tanış olmuş, sənədli filmə baxmışlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul