İSTANBULDA “KİTAB VƏ MƏDƏNİYYƏT BAYRAMI” KEÇİRİLMİŞDİR
Tədbiri giriş sözü ilə açan Platformun sədri, Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Anar müasir mədəniyyətin problemlərindən, ədəbiyyat məsələlərindən danışmış, tədbir iştirakçılarının diqqətini bir sıra aktual siyasi və ictimai proseslərə çəkmişdir. O, Azərbaycandakı ədəbi-mədəni mühitdən söz açaraq, Prezident İlham Əliyevin Fərmanı ilə bir çox Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın əlifbası ilə yenidən nəşr olunması üçün vəsaitin ayrıldığını xüsusi vurğulamışdır. Azərbaycan xalqının hər zaman sülh və əmin-amanlıq tərəfdarı olduğunu bildirən Anar, hələ də Ermənistanın işğalının davam etdiyini, bir milyon vətəndaşımızın qaçqın-köçkün vəziyyətində yaşadığını və beynəlxalq ictimaiyyətin buna biganə qalmasını qəbuledilməz hal kimi səciyyələndirmişdir.
Həmin gün axşam İstanbulun Camal Rəşid Rey adına Mədəniyyət Mərkəzində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 75 illik yubileyi keçirilmişdir. Dialoq Avrasiya Beynəlxalq Platformu tərəfindən təşkil olunmuş yubiley tədbirində 20-dən çox ölkədən nümayəndələr, o cümlədən Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev, Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatı Rəbiyyət Aslanova, əməkdar incəsənət xadimi, rejissor Tofiq İsmayılov iştirak etmişlər. Tədbirdə çıxış edən yazıçılar Anar, Elçin, Oljas Süleymenov, Muxtar Şaxanov, Abiş Kekelbayev, Mömin Qənaət, İstanbul Böyük şəhər bələdiyyəsinin sədri Qədir Topbaş, Türkiyə Yazıçılar və Jurnalistlər Vəqfinin sədri Harun Tokat yubilyara təbriklərini və xoş arzularını çatdırmışlar.
Çingiz Aytmatov ona göstərilən diqqətə, hörmət və ehtirama görə minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən yazıçılarımıza “Dialoq Avrasiya” jurnalının və İstanbul Böyük şəhər Bələdiyyəsinin mükafatları verilmişdir. Azərbaycanlı alim Hüsaməddin Məmmədov türk həmkarı ilə birlikdə yazdığı “Azərbaycan” kitabına görə xüsusi mükafata layiq görülmüşdür.
Türkiyədə Azərbaycanın xalq yazıçıları Anara və Elçinə həsr edilmiş iki poçt markası çap olunmuşdur. Bu, tanınmış yazıçılarımıza Türkiyədə olan diqqət, hörmət və ehtiramın əyani nümunəsi kimi dəyərləndirilir.