İSTANBULDA XALQ YAZIÇISI ELÇİNLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, İstanbulda Türk Ədəbiyyatı Vəqfinin təşəbbüsü ilə Azərbaycanın xalq yazıçısı Elçinlə görüş keçirilmişdir. Görüşdə Vəqf üzvləri ilə yanaşı, Türkiyənin görkəmli yazıçıları, elm və sənət adamları, ictimai xadimlər, mətbuat nümayəndələri iştirak etmişlər.
Vəqfin müəssisə müdiri doktor Camal Aydın görüşü açmış, doktor Yusif Gədikli Elçinin yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. O, Elçinin əsərlərinin Türkiyədə geniş yayıldığını, ədibin türk dilində 15 kitabının nəşr olunduğunu, 3 pyesinin Türkiyə dövlət teatrlarında tamaşaya qoyulduğunu qeyd edərək, bu əsərlərin türk ədəbi-elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini söyləmişdir.
Alim demişdir ki, Elçin Türkiyədə ən çox nəşr olunan və sevilən yazıçılardan biridir. Onun yaradıcılığı haqqında Ərzurum Universitetində doktorluq dissertasiyası müdafiə edilmiş, Elçinin özü isə Yedditəpə Universitetinin fəxri doktoru seçilmiş, Memar Sinan və Fateh universitetlərinin fəxri diplomlarına layiq görülmüşdür.
Professorlar Mehdi Ergüzel, İhsan Ergül, Mehmet Akif Yıldırım, Sevil Yıldız, Orxan Geylan və başqaları görüşdə çıxış edərək Elçinin yaradıcılığından danışmış, əsərlərini təhlil etmişlər.
Tədbirin sonunda xalq yazıçısı Elçin çıxış edərək, səmimi və məzmunlu görüşə görə minnətdarlığını bildirmiş, türk xalqlarının ədəbiyyatı qarşısında duran problemlərdən danışmış və iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.