İsti ulduzlar və ulduzlarətrafı mühitdə həyat – beynəlxalq konfrans
Bakı, 18 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi dosent Həmayil Adıgözəlzadə Qazaxıstanın Almatı şəhərində keçirilən “İsti ulduzlar və ulduzlarətrafı mühitdə həyat” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, H.Adıgözəlzadənin məruzəsi “Qeyri-adi HD 190073 Ae Herbiq tipli ulduzun spektrində uzunmüddətli spektral dəyişmələr” mövzusuna həsr olunub. Məruzədə 2016-2023-cü illər ərzində spektral tədqiqatların nəticələri təqdim olunub. Tədqiqat işinin nəticələrinə əsasən, hidrogen, helium və digər elementlərin xətləri üçün spektrofotometrik parametrlərin uzunmüddətli dəyişkənliyi aşkar edilib. Zamanla uzunmüddətli dəyişkənliyə görə, təxminən 11-12 illik ümumi bir dövr var. Belə dəyişikliklərin səbəbləri qoşalıq və ya massiv planetlər ola bilər.
Fesenkov Astronomiya İnstitutu, Qazaxıstan Energetika və Fundamental Elmlər İnstitutu və Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 20-dən artıq ölkəsindən (Amerika, İngiltərə, Şimali İrlandiya, Almaniya, Niderland, Çexiya, Belçika, Yaponiya, Çin, Hindistan, Meksika, Braziliya, Rusiya və s.) ulduz sahəsində işləyən alimlər, doktorant və dissertantlar iştirak edirlər.
Beynəlxalq konfrans oktyabrın 19-dək davam edəcək.