İstintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
Bakı, 8 fevral, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına, 3 saylı İstintaq təcridxanasına, 11 saylı və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Əsədov Anar Zöhrab oğluna həyat yoldaşı Bakı şəhər sakini Əsədova Elnarə Tofiq qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan cins şalvarın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,463 qram olan narkotik maddə heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-ci, 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Əliyev Anar Firudin oğluna qohumu Lənkəran rayon sakini Əlizadə Xeyrulla Qüdrət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan qış gödəkcəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə 2,033 qram heroin və 0,048 qram metamfetamin aşkarlanıb.
Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən təqsirli bilinərək bir il doqquz ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əhmədov Rafiq Tofiq oğluna bibisi oğlu Bakı şəhər sakini Əhmədov Fariz Əbülfət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman isə orada olan gödəkcənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,157 qram olan narkotik maddə heroin aşkarlanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.