DÜNYA
İsveçdə ən böyük hidroakkumulyasiya elektrik stansiyası tikilir
Stokholm, 16 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Vattenfall” dövlət enerji şirkəti “Yuktan” su elektrik stansiyasının hidroakkumulyasiya elektrik stansiyasına (HAES) rekonstruksiya edilməsinə yüz milyonlarla dollar sərmayə qoymaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Yuktan” HAES elektrik enerjisi kəsilmələrini azaltmaqla “yaşıl” iqtisadiyyata keçiddə mühüm rol oynayacaq.
“Bu, İsveçdəki ən böyük batareya olacaq”, - deyə “Vattenfall”ın baş direktoru Yohan Daşt bildirib.
1978-1996-cı illərdə fəaliyyət göstərən “Yuktan” bir vaxtlar İsveçin ən böyük su elektrik stansiyası olub. Amma 1990-cı illərdə elektrik enerjisi bazarına nəzarətin zəifləməsindən sonra su elektrik stansiyalarının rentabelliyi aşağı düşdü.
“Yuktan” su elektrik stansiyasının yenidən qurulması “Vattenfall”a 200-500 milyon dollara başa gələcək. Yenidənqurma prosesindəki ən mürəkkəb məsələ mədənçıxarma müəssisələri tərəfindən gölə atılan sinkin qumlu çöküntülərini təmizləmək üçün Blayk gölünün boşaldılmasıdır ki, bu da balıqlara zərər verə bilər.
HAES-in tikintisi Yuktan bölgəsində maralçılıqla məşğul olan Ubmee saam kəndinin sakinlərini narahat edib. Onların fikrincə, torpağın daha da nəmlənməsi riski var ki, bu da maralların otarılmasına təsir edəcək. Lakin “Vattenfall” qiymətləndirmələrinə görə, maralçılığa təsir cüzidir.