İsveçdə müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına milyardlarla kron xərclənəcək
Stokholm, 30 iyun, AZƏRTAC
2027-ci ilin payızından etibarən İsveçdə müəllimlərin iş saatlarını tənzimləyən yeni məcburi qaydalar qüvvəyə minəcək. İslahat maksimum sayda tədris saatı nəzərdə tutur, həmçinin dərsə hazırlıq və qiymətləndirmə üçün vaxt təmin edir.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, ibtidai sinif müəllimlərinə tədris ilində 650 saatdan, yuxarı sinif müəllimlərinə isə 550 saatdan çox olmayan dərs deməyə icazə veriləcək. Hər bir müəllimə hazırlıq, planlaşdırma və təlim nəticələrini təhlil etmək üçün kifayət qədər vaxt təmin ediləcək.
Hökumət islahatın zəruriliyini son illərdə müəllimlərin pedaqoqluqla əlaqəsi olmayan vəzifələrə daha çox cəlb edilməsi ilə izah edir. Bir çox məktəbdə müəllimlər tənəffüsdə xidmət etməyə, sinif otaqlarını təmizləməyə və bəzəməyə, iş saatlarından kənar valideynlərin zənglərinə cavab verməyə məcbur edilirlər. Yeni qaydalar bu təcrübəyə son qoymağı hədəfləyir. Təhsil naziri Simona Mohamsson bildirib ki, islahat müəllimlik peşəsini daha cəlbedici etmək və işdənçıxma hallarını azaltmaq məqsədi daşıyır. O əlavə edib ki, dövlət müəllimlərə əsas işləri - uşaqlara dərs deməklə məşğul olmaq imkanı təmin etməlidir.
Müəllimlərin həmkarlar ittifaqı bu islahatı alqışlayıb və onu onilliklərin ən vacib addımlarından biri adlandırıb. Bununla belə, bələdiyyələr və işəgötürənlər xəbərdarlıq edirlər ki, yeni qaydaların tətbiqi böyük məbləğdə əlavə xərclər tələb edəcək və xüsusən də kiçik məktəblərdə müəllim çatışmazlığına səbəb ola bilər.
Hökumət islahat üçün hər il 2,6 milyard kron (təqribən 277 milyon dollar) ayırmağı planlaşdırır. Lakin müxalifətdəki Sosial Demokrat Partiyası hesab edir ki, islahat kifayət qədər maliyyələşdirilmir və müəllimlər üçün iş şəraitinin pisləşməsinə, siniflərin sayının artmasına, ixtisaslı müəllimlərin sayının azalmasına səbəb ola bilər.
İsveç Bələdiyyələr və Regionlar Assosiasiyasının məlumatına görə, islahatın həyata keçirilməsinin faktiki xərcləri ildə təxminən 5 milyard kron (təxminən 530 milyon dollar) təşkil edəcək ki, bu da hökumətin proqnozlarından təxminən iki dəfə çoxdur.
Tənqidlərə baxmayaraq, hökumət iş şəraitinin yaxşılaşdırılmasının mövcud müəllim kadrlarını saxlamağa və təhsil sisteminə yeni mütəxəssisləri cəlb etməyə kömək edəcəyinə əmindir.